Dr. Səbuhi Dadaşov “Karotid damarlarının xəstəlikləri və müalicəyə müasir yanaşma” mövzusunda çıxış edəcək.
Mərkəzi Gömrük Hospitalının Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov 26 yanvar 2024-cü il tarixində saat 14.30-da " Karotid damarlarının xəstəlikləri və müalicəyə müasir yanaşma" mövzusunda çıxış edəcək. Tədbirdə Mərkəzi Gömrük Hospitalının kardioloqları,damar cərrahları, ürək-damar cərrahları təcili yardım həkimləri, kardiologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak edə bilərlər. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.
Qeyd edək ki,Mərkəzi Gömrük Hospitalında Dr. Səbuhi Dadaşov arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsini həyata keçirir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması, karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya, torakal və lumbar simpatektomiya daxildir.
Dr.Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində davam etdirmiş, həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır. O, 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir.
Dr.Səbuhi Dadaşov 2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi və 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
O, daim öz üzərində işləyir, tibb sahəsində qazanılan nailiyyətləri öz təcrübəsini zənginləşdirir. Dr.Səbuhi Dadaşov 2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir. 2011-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ultrasəs müayinəsi üzrə kurs keçmişdir.
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır.