1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İpoteka və Kredit Zəmanət Fondunun 2019-cu il üzrə fəaliyyətinin yekunları
16.01.2020

2019-cu ildə Azərbaycanda aparılan islahatlar ölkənin həm siyasi, həm də sosial-iqtisadi mənzərəsinin əsaslı şəkildə dəyişməsinə gətirib çıxardı. İslahatların əsas tərkib hissəsi əhalinin həyat səviyyəsinin, eləcə də sosial şəraitinin yaxşılaşmasına xidmət etdiyindən, bu istiqamətdə həyata keçirilən tədbirlər İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətində də öz əksini tapıb. Belə ki, ötən il ərzində istər əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, istər sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması, istərsə də Fondun ümumi fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul olunub. 

2019-cu ildə Fond ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirib. İpoteka kreditlərinin verilməsi prosesinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb. Belə ki, 2019-cu il ərzində müvəkkil banklara ümumi məbləği 503 mln. manat təşkil edən 7096 sayda müraciət daxil olub, 174 mln. manat məbləğində isə 2652 ipoteka krediti verilib. Ötən il ərzində verilmiş kreditlərin 1390 ədədi (80 mln. manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd edək ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. 2019-cu il ərzində 226,5 mln. manat məbləğində (3398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.

Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 391 mln. manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 27883 olub. Bu kreditlərin 436 mln. manatdan çox hissəsini (8839 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib, kreditlərin 20%-ə yaxını isə regionlarda verilib.

Həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qayda ilə Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması nəzərdə tutulub. Ötən dövr ərzində Fond tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirilib. Belə ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara ASAN Xidmət Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Hesabat dövründə Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2019-cu ilin əvvəllərində kredit risklərinin minimuma endirilməsi məqsədilə sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətlərinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan verən, qabaqcıl beynəlxalq praktikaya əsaslanan yeni kredit reytinq sistemi (kredit reytinqi modeli) yaradılıb. Bundan başqa, ötən il ərzində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə Fond tərəfindən mövcud problemlər öyrənilib, dövri olaraq müvəkkil banklar və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb. Mexanizmin təkmilləşdirilməsi nəticəsində təkcə 2019-cu ildə 2018-ci illə müqayisədə (17,529 mln. manat) Fond tərəfindən zəmanət və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artaraq 52,195 mln. manat olub. Ümumiyyətlə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 70 mln. manatadək kredit əldə edib. 

Ötən il, həmçinin, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə minib. Müvafiq Fərmanla Fondun yalnız ipoteka kreditləşməsi üzrə deyil, eyni zamanda sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmləri üzrə də elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması təsdiq edilib. Nəticə etibarilə, hesabat dövründə Fondun yeni “Elektron ipoteka və kredit zəmanət sistemi” əhalinin və Fondun müvəkkil təşkilatlarının istifadəsinə verilib. Müasir bulud texnologiyası üzərində qurulan yeni sistemlə Fondun əməliyyatlarının və fəaliyyət istiqamətləri üzrə xidmətlərin avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb.

Bununla yanaşı, ölkədə ipoteka kreditləşməsi mexanizminin inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.

Fond tərəfindən 2019-cu il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 150 mln. manat olan ipoteka istiqrazları yerləşdirilib. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1,005 mlrd. manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilib.

Cəlb olunmuş vəsaitlərdən 281,1 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir. 

2019-cu il Fond üçün uğurlu maliyyə göstəriciləri ilə xarakterik hesab olunur. Belə ki, 2018-ci illə müqayisədə ötən ilin sonuna Fondun aktivləri 10,2% artaraq 1,41 mlrd. manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln. manat olub. 

Prezident İlham Əliyevin 16 dekabr tarixli Fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artaraq 637 milyon manata çatdırılıb. Kapitalın artımı 2020-ci ilin dövlət büdcəsi xərclərində güzəştli ipoteka kreditləşməsi üçün nəzərdə tutulan 71 milyon manat məbləğində vəsait hesabına təmin ediləcək. 

Qeyd edək ki, 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək. 


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment