Müsahibə - Yevgeniya Qaşikulina - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Yevgeniya Qaşikulina


AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini

2020 AccessBank üçün mənfəət ilidir

Baxmayaraq ki, AccessBank üçüncü rübü zərərlə başa vurub, bankın əsas maliyyə göstəriciləri stabil artım nümayiş etdirir.


Hətta kredit portfelinin sağlamlaşdırılması templəri də bank rəhbərliyini sevindirir. Üstəlik, əmanətlərini AccessBank-a etibar edənlərin sayı günbəgün artır. Bankın menecmenti hesab edir ki, hər şey plan üzrə gedir.

Yevgeniya xanım, üçüncü rübə yekun vurarkən bank açıqladığı press-relizdə qeyd edib ki, əsas maliyyə göstəriciləri artım nümayiş etdirir. Bu artım tempi bankın rəhbərliyini qane edirmi?

Bu suala obyektiv cavab vermək üçün biz biznes planla və ötən ilin analoji dövrü ilə müqayisə aparmalıyıq. Biznes planla müqayisə aparsaq, bizim əməliyyat göstəricilərimiz proqnozlaşdırdığımız rəqəmlərdən xeyli yüksəkdir.

Belə ki, depozit portfelinin həcmi planlaşdırıldığından 133 milyon manat, kredit portfeli isə 35 milyon manat çoxdur. Sırf maliyyə indikatorlarına nəzər salsaq və onları ötən ilin müvafiq dövrü ilə qarşılaşdırsaq görərik ki, faiz gəlirlərimiz 50% artaraq proqnozlaşdırılan rəqəmləri üstələyib.

Ehtiyatın yaradılması üçün ayırmalara qədər əməliyyat mənfəəti ötən ilin göstəricisindən 2 dəfə çoxdur ki, bu da planlarımıza uyğundur. Buna əsaslanaraq deyə bilərəm ki, bankın əməliyyat fəaliyyətinin effektivliyi bizim gözlənti və planlarımıza uyğundur.

O zaman bankın zərərini nə ilə əsaslandıra bilərsiniz?

Heç kəs üçün sirr deyil ki, manatın devalvasiyası digər banklar kimi AccessBank-a da ciddi təsir etdi. Zərər də məhz bunun nəticəsində formalaşdı. Bankın müştərilərinin əksəriyyəti kiçik, orta və iri sahibkar və ya başqa sözlə, krediti dollarla götürənlər idi.

Şübhəsiz ki, devalvasiyadan sonra onların bir çoxu kreditlərinin ödənişi zamanı çətinliklə üzləşdi. Müvafiq olaraq, bank kreditlər üzrə potensial itkilərlə bağlı ehtiyat yaratmaq məcburiyyətində idi və söhbət ciddi məbləğdən gedirdi.

Həmin dövrdə bankda mövcud olan kapitalın hesabına bunu etmək real deyildi. Buna görə, beynəlxalq maliyyə institutlarından ibarət AccessBank-ın cari kreditorları öz kreditlərini kapitala konvertasiya etmək barədə qərar qəbul etdilər və bunun nəticəsində bankın nizamnamə kapitalı 120 milyon manat artdı.

Bu qərar sayəsində kreditlər üzrə zəruri ehtiyatlar yaradıldı. Söhbət təxminən 90 milyon manatdan gedirdi və bu məbləğ bankın hesabatında fevral-aprel ayları ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlarda göstərildi.

Məntiqlidir ki, 2019-cu il ərzində bank bu zərəri bağlaya bilməyəcək və prinsipcə, bu, bizim planlarımıza daxil olan məsələdir. Biznes plana əsasən, kapitallaşmanın baş tutduğu il ərzində bankın zərəri təxminən 100 milyon manat təşkil edəcək.

Təkrar edim ki, maliyyə nəticələrinə təsir göstərən əsas amil kreditlər üzrə ehtiyatların yaradılmasıdır və inanırıq ki, həmin kreditlərin qaytarılması hesabına ehtiyatların həcmi də azalacaq. Biz həmin müştərilərlə aktiv və konstruktiv şəkildə işləyirik, borclar qaytarılır.

Uzunmüddətli perspektivdə həmin vəsaitlər banka gəlir formasında geri dönəcək, lakin bu bir qədər zaman tələb edən prosesdir. Əlavə olaraq qeyd etmək istərdim ki, zəruri ehtiyatlar yaradıldığı üçün gələcəkdə kapitalımız üçün heç bir təhlükə yoxdur. AccessBank 2020-ci ildə birmənalı şəkildə mənfəətə çıxacaq.

Siz qeyd etdiniz ki, bankın menecmentinin proqnozları özünü doğruldur və hər şey plan üzrə gedir. İlin əvvəlində bu proqnozlar səhmdarlara həddən artıq optimistik görünmürdü?

Bankın bu dərəcədə ciddi kapitallaşması qərarı həqiqətən səhmdarlarımız üçün heç də asan deyildi. Lakin proqnozlar özünü doğruldur və buna bir neçə amil təsir edir. Birincisi, biznes aktiv şəkildə inkişaf edir. Etiraf edim ki, bu proses hətta proqnozlaşdırdığımızdan da sürətlə gedir.

Digər tərəfdən, banka etimad günbəgün artır. Biz 2020-ci ilə böyük optimizmlə baxırıq. Bunun üçün 2019-cu il ərzində yaxşı fundament qurulub. Mən biznesin, risk menecmentin yenidən təşkil olunması, müştərilərə xidmət prosesinin və prosedurunun asanlaşdırılması, "back office" əməliyyatlarının mərkəzləşdirilməsi və digər bu kimi amilləri nəzərdə tuturam.

Səhmdarlarımız sayəsində biz ilkin mərhələdə gəlirli olmayan, lakin 2020-2021-ci illərdə gəlir gətirəcək layihələrin həyata keçirilməsinə start verdik.

Qayıdaq kredit portfelinin sağlamlaşdırılmasına. Hazırda qeyri-işlək kreditlərin ümumi portfeldə payı nə qədərdir?

Bank daxilində biz iki portfeli nəzərdən keçiririk - "köhnə" və "böhrandan sonrakı". Gəlin, pozitivdən başlayaq. "Böhrandan sonrakı" portfeldə 30 gündən çox gecikmədə olan kreditlərin payı cəmi 0.3% təşkil edir. Başqa sözlə, söhbət kifayət qədər keyfiyyətli portfeldən gedir.

"Köhnə", yəni devalvasiya nəticəsində zərər görmüş portfel isə elə bir mərhələdədir ki, pozitiv dinamikanın əldə olunması üçün intensiv iş tələb edir. Onu da qeyd etmək istərdim ki, ilin əvvəlinə qeyri-işlək (90 gündən çox gecikmədə olan) kreditlərin ümumi portfeldə payı 25% təşkil edirdi ki, o, tamamilə "köhnə" portfel hesabına formalaşmışdı.

Plana əsasən, ilin sonuna bu göstərici 15%-ə enməlidir.  Biz buna olduqca optimistik yanaşırıq. Yeri gəlmişkən, 2019-cu il bu mənada bir sıra pozitiv məqamlarla yadda qaldı ki, onlar daxili və kənar amillərlə əlaqəlidir.

Kənar amillərdən söz açsaq, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana toxunmaq lazımdır.

Məhz bunun nəticəsində  bank ehtiyatlarının bir hissəsini bərpa edə, borcalanlar isə öz maddi durumunu yaxşılaşdıra bildi. Daxili amilə də toxunmaq istərdim. Belə ki, müştərilərlə sistemli iş və qərarların qəbulu zamanı çeviklik nəticəsində problemli kreditlərin qaytarılması prosesi gözləntilərimizi üstələdi.

Bəs bankın zərərlə işləməsi depozit axınına səbəb oldumu?

Əksinə, biz pozitiv dinamika müşahidə edirik. Maraqlı fakt ondan ibarətdir ki, bank hətta formal kapitallaşmayadək böyüməyə başladı. Üstəlik, həmin dövrdə Əmanətlərin Sığortalanması Fondu elan etdi ki, əmanətlərin tam sığortalanmasını bir il də uzadır.

Bununla yanaşı, AccessBank-ın xidmət keyfiyyəti də öz rolunu oynadı. Zərərin 90%-i cari ilin birinci yarısında qeydə alınıb. Buna baxmayaraq, sonrakı 6 ay ərzində AccessBank-ın depozit portfeli böyüməyə davam etdi. Bu isə bir daha sübut edir ki, müştərilərimiz AccessBank-a tam etibar edir.

AccessBank özünü biznesin dostu kimi təqdim edir. Bununla yanaşı, bankın rəhbəri Anar Həsənov qeyd edib ki, AccessBank-ı maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayı durmadan artır. Maraqlıdır ki, bir müddət əvvəl hökumətin iqtisadi blokunun nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə prezident biznes kreditləşməsinin vacibliyini vurğuladı. Bu çağırış sizin planlarınıza və kredit portfelinin strukturuna təsir edəcəkmi?

Məsələ burasındadır ki, biznes, o cümlədən aqro kreditləşmə AccessBank-ın "qanın"dadır. Dediklərimi rəqəmlərlə əsaslandıra bilərəm - portfelimizin 95%-i biznes kreditlərinin payına düşür. Prezidentin çağırışı bir daha onu təsdiqləyir ki, AccessBank düzgün yoldadır.

Biz ölkənin aktiv tələbatı üzərində fokuslanmışıq və səhmdarlarımız bu fokusu yekdilliklə dəstəkləyir. Bir çox ölkələrdə kiçik biznes iqtisadi artımın katalizatoru rolunu oynayır. Biz rolumuzu yalnız rəqəmlərdə görmürük, eyni zamanda öz sosial məsuliyyətimizi dərk edirik.

Hazırda mikrokreditləşmə bazarında AccessBank-ın payı 50%-dən çoxdur. Bizim baxışımız ondan ibarətdir ki, mikro və kiçik bizneslə aparılan aktiv iş hesabına AccessBank bu seqmentdə lider mövqeyini qorumağa davam edəcək.

Hesab edirəm ki, portfeldəki artımın 65%-nin regionların payına düşməsi isə bizim üçün əlavə pozitiv amildir.

Prezidentin çağırışına tənzimləyici də dəstək verdi və istehlak kreditləşməsinə bəzi məhdudiyyətlər tətbiq etdi. Başqa sözlə, biznes kretiləşməsi bazarında rəqabət güclənəcək. Razılaşın ki, artan rəqabət şəraitində AccessBank-a çətin olacaq. Bank bunun öhdəsindən necə gələ bilər?

Birincisi, AccessBank-ın portfelinin strukturunda istehlak kreditlərinin payı o qədər də böyük deyil. İkincisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qaydalarında qeyd edildiyi kimi, biz istehlak kreditlərini uzun müddətə vermirik. AccessBank istehlak kreditlərini maksimum 3 ilə verir.

Bundan savayı, bizim müştərinin tarixçəsi ilə bağlı daxili, kifayət qədər ciddi tələblərimiz var. Etiraf etməliyik ki, bizim üçün istehlak kreditləşməsi fiziki şəxslərə göstərdiyimiz kompleks xidmətlərin bir hissəsidir, üstəlik, bu növ kreditlər hər zaman əmanətçilərimiz üçün əlavə məhsul olaraq qalacaq.

Rəqabətə gəlincə, bu amil hər zaman ümumilikdə bazarın inkişafına müsbət təsir edir. Xüsusilə qeyd etmək istərdim ki, bundan ən çox istehlakçılar udur. Sağlam rəqabət bazarın yeni və daha keyfiyyətli bir mərhələyə çıxmasına səbəb olur.

Biz bütün banklara hörmətlə yanaşırıq və rəqabətdən qorxmuruq, çünki bizim çox dəqiq və ixtisaslaşmış fokusumuz mövcuddur və biz bu istiqamətdə işləməyə davam edəcəyik.

AccessBank ona nail olmaq istəyir ki, müştərilərimiz bizimlə işləməkdən zövq alsın və bunun üçün mütəmadi olaraq prosedurları və məhsulları daha əlçatan və asan edəcəyik, xidmət səviyyəsini artıracağıq, istehlakçılarla müxtəlif kommunikasiya kanallarını inkişaf etdirəcəyik. Ümumilikdə, məqsədimiz ondan ibarətdir ki, müştərilərimiz özünü bizimlə daha rahat hiss etsin.

Bank müştəri üçün formal, bürokratik bir təşkilat olmalı deyil, əksinə, o əmin olmalıdır ki, burada onu hər cür dəstək göstərə biləcək tərəfdaşlar gözləyir. Söhbət həm biznes, həm də pərakəndə seqmentlərdən gedir.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün kompleks yanaşma lazımdır. Bunu nəzərə alaraq, bankın Müşahidə Şurası tərəfindən bir sıra strateji məqsədlər təsdiqlənib ki, onların arasında mikro və kiçik biznes sahəsində lider mövqeyin qorunması, risklərin effektiv idarəolunması, əməliyyat effektivliyinin artırılması, əməkdaşlarımızın yüksək peşəkarlıq səviyyəsinin və mükəmməl xidmət səviyyəsinin təmin olunması üçün yatırımın edilməsini qeyd edə bilərəm.

Beynəlxalq maliyyə institutlarından ibarət səhmdarlarımız bizim qarşımızda əsas məqsəd kimi "triple bottom line" ("üç meyar") konsepsiyasına əsasən işləməyi qoyub. Başqa sözlə, AccessBank yalnız maliyyə göstəricilərini deyil, eyni zamanda sosial və ekoloji nəticələrini də nəzərə alaraq biznesini qurur.

Anladığınız kimi, biz məsuliyyətli kreditləşməni aktiv şəkildə inkişaf etdirməyi, əhalinin daha da böyük hissəsinin maliyyə sektoruna cəlb olunmasına, bankın ətraf mühitə müsbət təsirinin gücləndirilməsinə çalışacağıq.

Gələn illə bağlı kifayət qədər ambisiyalı planlarınız var. Bunun fonunda bank filial şəbəkəsini genişləndirəcəkmi?

Hələlik biz filial şəbəkəsinin genişləndirilməsi barədə düşünmürük, lakin, böyük ehtimalla, biz relokasiyanı (yerin dəyişməsi) nəzərdən keçirəcəyik. Həmçinin, biz filialların konseptinin dəyişdirilməsi üzərində işləyəcəyik.

Bundan başqa, bank bütün distant kanallarını inkişaf etdirir və bu proses davam edəcək. AccessBank-ın qarşısında duran əsas məqsədlərdən biri də internet və mobil bankçılığın inkişaf etdirilməsidir. Biz onlayn kanallar vasitəsilə satışları xeyli artırmağı hədəfləyirik.

Bank müştərilərlə kommunikasiyanı gücləndirmək niyyətindədir və bunun üçün ayrıca fokus qrupların yaradılması, sorğuların keçirilməsi, müştəri məmnuniyyətinin ölçülməsi və s. planlaşdırılır.

AccessBank-ın planlarına həm də 24/7 zonalarının genişləndirilməsi, əsas biznes proseslərinin avtomatlaşdırılması, mobil və internet bankçılığın yenilənməsi, məhsulların və xidmətlərin təkmilləşdirilməsi də daxildir.

Layihələrimiz çox olsa da, məqsədimiz birdir - müştəri məmnuniyyətinin və loyallığının artırılması. Biz hər gün və istənilən səviyyədə əlimizdən gələni edəcəyik ki, müştərilərimiz bizim qayğımızı, diqqətimizi və dəstəyimizi hiss etsin.



25/11/2019


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment