Müsahibə - Müseyib Əhmədov - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,6936    1 RUB 0,0281    1 TRY 0,0935    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Müseyib Əhmədov


Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu

«Tövsiyəm budur ki, xəstələr oynaqlarda ağrı yarandığı dövrdə ixtisasçı həkimə müraciət etsinlər»

Travmatologiya və ortopediya tibbin aktual sahələrindən biri olub, dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur.


Bu xəstəliklərə ilk növbədə, oynaq artrozları, dayaq-hərəkət aparatının travmaları, vətər kəsilmələri, onurğa sütununun xəstəlikləri, periferik sinirlərin travmatik zədələnmələri və müxtəlif ortopedik patologiyalar aiddir.

Travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən birinə çevrilib. Hazırda Azərbaycanın tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı həkimləri ilə əhalinin xidmətindədir.

Əsasən yol qəzaları, yüksəklikdən yıxılma və istehsalat qəzaları ilə bağlı müraciət edən xəstələrin sayı daha çox olur. Düzdür, hazırda pandemiya dövrü ilə əlaqədar travmatoloji xəstəliklərin sayında bir qədər azalma var.

Belə ki, karantin rejimi qaydalarına uyğun olaraq insanlar vaxtını daha çox evdə keçirir. Buna baxmayaraq, artroz xəstələrini maraqlandıran  çoxlu suallar vardır. Bunu nəzərə alıb suallarımızı Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədova ünvanladıq.

-Doktor, artroz xəstəliyini ilkin dövrdə müalicə etməklə qarşısını almaq olarmı?

-Statistikaya əsasən son dövrlərdə artroz xəstələrinin sayı artıb. Bunların arasında əsasən diz-oynaq, bud-çanaq oynağı artrozu xəstəlikləri yer alır. Təəssüf ki, xəstələr adətən diz və bud-çanaq oynaqlarında 3-cü və ya 4-cü dərəcəli artroz şikayətləri ilə müraciət edirlər.

Bunlar xəstəliyin gecikmiş formaları sayılır. Bu cür artrozlu xəstələrdə biz məcburən oynaqların süni protezləşməsi olan endoprotez əməliyyatını seçirik. Belə xəstələrə tövsiyəmiz ondan ibarətdir ki, ağrıların ilk əlamətini hiss edərkən  həkimə müraciət etsinlər. Belə olduğu təqdirdə əməliyyata da ehtiyac qalmır.  Başqa sözlə desək, vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını ala və sümük sağlamlığını uzun müddət qoruya bilər.

Ortopediyaya aid bir çox xəstəlikləri innovasiya texnologiyalarından istifadə etməklə aradan qaldırmaq olar. Sümüklərin sınması zamanı hazırda intramedulyar  ştiftlər və metal lövhələrin vasitəsi ilə azinvaziv osteosintez metodlardan istifadə edilərsə, pasiyentlər qısa müddətdə müalicə olunur. Xəstə tez bir zamanda aktiv həyata qayıdır.

Burada fəsadlar riski çox minimaldır. Kosmetik effekt isə əladır. Ortopedik xəstəliklərin inqilabi metodlarından biri oynaqların endoprotezləşdirilməsidir. Bu, hətta müalicədən qabaq sərbəst yeriyə, hərəkət edə bilməyən yaşlı insanlara belə tam yaşamaq sevinci bəxş edir.

- Mərkəzi Gömrük Hospitalında travmatoloji və ortopedik xəstəliklərlə bağlı hansı cərrahi əməliyyatlar yerinə yetirilir?

-Hospitalda travmatoloji və ortopedik xəstəliklərlə bağlı bütün cərrahiyyə əməliyyatları  icra edilir. Ən əsası isə xəstələr əməliyyatdan öncə və sonra reabilitasiya proqramına qoşulur və onların fizioterapiya üzrə  müalicələri aparılır.

-İndiki dövrdə, koronavirus pandemiyası ilə əlaqədar sizə müraciətlərin sayı azalıbmı?

-Bəli, COVİD-19 pandemiyası davam etdikcə, məktəblərin və uşaq bağçalarının bağlandığı, insanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb. Belə ki, uşaqlar evdən çıxmır, velosiped və diyircəkli baysikllərdən yıxılma, idman oyunları zamanı zədə almalar olmur. Eləcə də, karantin rejimində küçələrdə avtomobillərin azalması yol-nəqliyyat qəzalarının da bir qədər qarşısını alıb.

-Sonda izləyicilərimizə hansı məsləhətləri vermək istərdiniz?

-Koronavirus pandemiyası dövrü hələ bitməyib və bu xəstəliyin tam aradan qaldırılması müddəti də məlum deyil. İnsanların zərurət olmadan evdən çıxmaması ilə əlaqədar olaraq, evdə qaldıqda da, hərəkətsiz qalmasınlar, yüngül idman hərəkətləri etsinlər, yəni hərəkətin məhdud olduğu bir şəraitdə hərəkətsiz qalmasınlar. Evin havasını tez-tez dəyişib idman məşğələlərini icra etsinlər.



15/05/2020


     



12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
 
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment